Stalinin gizli planı açıqlandı
O Türkiyənin şərq vilayətlərini ermənilərə vermək istəyirmiş

ABŞ-da çıxan “Cold War International History Project” jurnalında sovet diktatoru İosif Stalinin Birləşmiş Ştatlar və İngiltərə ilə apardığı danışıqlarda Türkiyənin Qars və Ərdəhan vilayətlərini tələb etdiyini, Bosfor və Dardanel boğazlarında hərbi baza yaratmaq istədiyini təsdiqləyən stenoqrafik sənədlər dərc olunub. Sənədlərdən məlum olur ki, Stalin erməniləri dünyanın müxtəlif ölkələrindən SSRİ-yə gətirdiyini, onları işğal etmək istədiyi Şərqi Anadolu torpaqlarında yerləşdirmək niyyətini açıqca bildiribdi.
1945-ci ilin dekabrında Moskvada aparılan danışıqlarda Stalin İngiltərənin xarici işlər naziri Ernest Bevinə də Qars və Ərdəhanı Sovet İttifaqına qatmaq istədiyini söyləyibdi. Jurnal yazır ki, diktatorun bu planı boşa çıxandan sonra, xaricdən gətirilən ermənilər kommunist rejimi üçün bir problemə çevrilirdi. Qərb ölkələrindən gələn ermənilərin arasında casuslar ola biləcəyini ehtimal edən Stalin onların Sibirə göndərilməsinə qərar veribdi.
