VƏHHABİLİK NECƏ YARANDI?
Əziz oxucular! Qarşınızda olan bu kitab, vaxtilə İngiltərənin Müstəmləkələrə Nəzarət Nazirliyi (MNN) tərəfindən müsəlman ölkələrinə casusluq məqsədilə göndərilmiş Mister Hemferin xatirələridir.

Hal-hazırda Sizə müqəddimə və I hissənin I fəsli təqdim olunur.
ARDI OLACAQ...
MÜQƏDDİMƏ
Əziz oxucular! Qarşınızda olan bu kitab, vaxtilə İngiltərənin Müstəmləkələrə Nəzarət Nazirliyi (MNN) tərəfindən müsəlman ölkələrinə casusluq məqsədilə göndərilmiş Mister Hemferin xatirələridir. Bu mənfur xristian casusunun öz e`tiraflarından mə`lum olur ki, o, öz hökuməti tərəfindən xüsusi məqsədlə İslam ölkələrinə göndərilərək, oralarda uzun illər təxribatçılıq işləri ilə məşğul olmuş, müsəlmanları daxildən parçalayıb dağıtmaq yolunda heç bir murdar və qeyri-insani işlərdən çəkinməmişdir. Onun gördüyü işləri ümumi və xüsusi olaraq bir neçə şəkildə xülasə etmək olar:
Müsəlman cəmiyyətində mövcud olan müsbət və mənfi cəhətləri öyrənib öz hökumət dairələrinə çatdırmaq;
Milli, dini və məzhəbi qarşıdurmalar yaratmaq üçün münasib məkan, zaman və şəraitlərin öyrənilməsi;
Mə`nəvi cəhətdən zəif olan müsəlman dövlət mə`murları, elm xadimləri, ruhani və sıravi şəxsiyyətlər tapıb kəşfiyyat orqanları ilə həmkarlığa cəlb etmək;
Sadəlövh tələbə və şagirdləri cəlb edərək, onların tə`lim-tərbiyə işləri ilə məşğul olmaq, gələcək kadr kimi hazırlayaraq, onları yüksək dövlət kürsülərində əyləşdirmək;
Ayrı-ayrı firqə və cərəyanlar yaradaraq onları hər bir cəhətdən himayə etmək, müsəlman cəmiyyətlərində kəskin qarşıdurmalar yaratmaq;
Vətənpərvər insanları, elm və din xadimlərini gözdən salmaq, şayiə, töhmət və iftira yaymaqla xalq arasında onlara qarşı kütləvi e`tiraz yaratmaq;
Hər yerdə dinşünas, islamşünas, şərqşünas və s. adlarla saxta şəxsiyyətlər yaratmaq, ictimai diqqəti onlara doğru yönəltmək və müsəlmanların öz dini mə`lumatlarını məhz onlardan əxz etməsinə şərait yaratmaq;
Dinin həqiqi və əsas e`tiqadlarını təhrif edərək, azğın fikirlər və batil əqidələr yaratmaq;
Dini ayinlərin həqiqi mahiyyətini dəyişmək, müsəlmanların içərisinə məqsədyönlü şəkildə nüfuz etmiş şəxslərin vasitəsilə irtica, xurafat və mövhumata dini rəng verməklə xalq arasında yaymaq;
İslahat, tərəqqi və müasirlik iddiaları ilə müsəlmanların mədəniyyət, mə`nəviyyat, tarix və gələcəyini məhv etmək.
Mister Hemferin xristian və yəhudi dünyasına göstərdiyi «misilsiz xidmətlər» arasında təkcə onun İslam dünyasının kürəyindən sancılan bir xəncər, yə`ni Vəhhabi məzhəbini tə`sis etməsini misal göstərmək kifayət edər.
Bu barədə ətraflı mə`lumatı kitabın Məhəmməd Nəcdi ilə bağlı fəslində oxuya bilərsiniz.
Qeyd etmək lazımdır ki, bu məzhəbin yaranmasından yüz illər keçməsinə baxmayaraq, hələ də o, imperializmin əlində paslanmayan bir silah kimi öz acı tə`sirlərini buraxmaqdadır. Düşmən qüvvələr bu məzhəb təbliğatçılarını müsəlman cəmiyyətlərinin içərisinə istiqamətləndirərək, onları hərtərəfli himayə edir, gücləndirirlər; istədikləri vaxt onları silahlı qiyama, təxribat yönlü işlərə təhrik edir və nəhayət gözlənilən vaxt gəlib çatdıqda həmin cəmiyyəti terrorçuluqda ittiham edərək, havadan, qurudan hücuma keçir; qəzəbdən od püskürür, dünyanı lərzəyə gətirirlər. Yəqin ki, bu sətirləri oxuyan hər bir şəxs son illərdə baş verən Əfqanıstan hadisəsini unutmamışdır. Heç kəsə gizli deyildir ki, «Vəhhabi Taliban» qrupu Əfqanıstana məhz Amerika, İngiltərə, İsrail və digər dövlətlərin himayəsi ilə daxil oldu; bir neçə il ən ibtidai və insani məsələlərə qarşı ifrat mövqe tutaraq müsəlmanları bütün dünyaya güldürdü; nəhayət günlərin bir günü «11 sentyabr» adlı beynəlxalq bir tamaşa hazırlamaqla öz mövqeyini kəskin şəkildə dəyişdi. Bu dəfə Əfqanıstana xilaskar ordu kimi daxil olaraq, öz əli ilə böyüdüb boya-başa çatdırdığı qanunsuz övladını (vəhhabiləri) qırıb məhv etməyə başladı; çox keçmədi ki, həmin ölkənin fatehinə çevrildi və məzlum əfqan xalqına sülh, azadlıq və demokratiyanı ərməğan gətirdi.
Tarixdə nə qədər hemferlərin olması və onların törətdikləri fitnə-fəsadların dəqiq sayı heç kəsə mə`lum deyildir. Dəhşətlisi budur ki, onlar bu gün də müsəlmanların içərisinə soxularaq didib-parçalamaq, parçalayıb istismar etməklə məşğuldurlar. Qeyd olunan düşmənlər heç bir vaxt bizim ölkəmizi də gözdən qaçırmayıblar. Vətənimiz tarix boyu bu namərdlərin mənfur niyyətlərinin, hiylə və məkrlərinin qurbanı olmuşdur.
Qeyd olunan xəyanətlərin ən sonuncusu isə Qarabağ adlı dərdimiz, bütün vətən övladlarından öz həllini gözləyən ən ağır problemimizdir. Təcavüzkar erməni quldurları torpaqlarımızı işğal edib, xalqımıza, vətənimizə sağalmayan yaralar vurublar.
Başda Amerika və Avropa ölkələri daxil olmaqla bir çox dünya dövlətləri, o cümlədən beynəlxalq təşkilatlar guya neçə illərdir ki, bu məsələnin həlli yollarını arayıb-axtarırlar. Amma həqiqətdə onlar bu hadisəni xalqımıza unutdurmaq və faktiki olaraq işğal olunmuş ərazilərin qanuni şəkildə ermənilərə bağışlanması yollarını araşdırırlar.
Böyük qüdrətlər vasitəçi missiyası ilə hər dəfə danışıqlar stoluna əyləşdikdə hər iki tərəfin sözünü eşitməkdə, qərar çıxarmaqda son dərəcə «ehtiyatlı» olurlar; heç bir dövlətin daxili işlərinə qarışmaq istəmirlər. Amma lazım gəldikdə, müsəlman Əfqanıstan, İraq və digər dövlətlərdə «demokratiyanı» bərpa etmək üçün təpədən-dırnağadək silahlanırlar; bir dövlətin daxili işinə qarışmaq nədir, onun köksündə od qalayırlar. Görəsən təcavüzkar və işğalçı bir dövlətlə, öz ölkəsində diktatorluq edən hakimiyyətlərin məntiqi fərqi nədədir?! Əlbəttə, onlardan birincisinin xristian, ikincisinin isə müsəlman dövləti olmasında!!!
Əziz həmvətənlilər! Artıq qəflət yuxusundan ayılmaq vaxtıdır. Düşmənlər daxildən və xaricdən ayağımızın altını qazmaqda və bizi sonu görünməyən quyuya doğru yuvarlamaqdadırlar. Hər gün öz din və mədəniyyətimizə qarşı xaricdə hazırlanıb ölkəmizdə icraya qoyulan qadağan və məhdudiyyətləri müşahidə etməkdəyik. Bir tərəfdən ardı-arası kəsilməyən missioner hücumları, digər tərəfdən isə İslami inkişafı boğmaq üçün hazırlanmış qanun layihələri, müxtəlif təşkilat və qurumlar. Qəbul olunmuş hər hansı bir qanunun missioner hərəkatına tə`sir edəcəyi və ya onların fəaliyyətini donduracağı çox gülünc bir məsələdir. ABŞ səfirinin bircə ultimatumu ilə nəinki mə`murlarımız onlara yaxınlaşa bilməz, hətta öz səhvlərini düzəltmək üçün kilsəyə gedib boyunlarından xaç da asarlar.
Görəsən Ermənistan dövləti bir müsəlman ruhanisinin Yerəvana daxil olub bircə, təkrar edirəm, yalnız bir ermənini müsəlman etməsi halına dözə bilərmi?! Əlbəttə yox! Bəs bizdə olan bu «humanistlik» və «insanpərvərlik» haradan qayanaqlanır? Dəfələrlə sübut olunub ki, Azərbaycanda fəaliyyət göstərən missioner keşişlər Ermənistanın kəşfiyyat orqanları ilə gizli əlaqə saxlayır, onlar üçün casusluq edirlər; hətta xristianlığı qəbul etmiş həmvətənlilərimizdən bir çoxlarının dolayı yollarla Ermənistana göndərildiyi, Eçmiadzin xristian məktəblərində dini təhsil alması faktı da aşkarlanıb. Başa düşmək olmur ki, bu qədər dəhşətli faktlardan sonra, qapıları taybatay açıb keşişləri ölkəmizə buraxan mə`murlar nə fikirləşirlər?! Belə çıxır ki, biz torpaqlarımızın işğal olunmasına dözməliyik, düşmənlərimizin yurdumuza ayaq açmasına dözməliyik, ağzımızın, gözümüzün içinə girib təşkilat qurmalarına dözməliyik və nəhayət dözməliyik və yenə də dözməliyik...
İ.Əliyev
Moskva - 2003
MİSTER HEMFERİN XATİRƏLƏRİ
(İNGİLİS CASUSUNUN E᾿TİRAFLARI)
BİRİNCİ HİSSƏ
BİRİNCİ FƏSİL
Böyük Britaniyamızın əhatə etdiyi ərazilər çox genişdir. Günəş dənizlərin üzərində doğduğu kimi, dənizlərin üzərində də batar. Dövlətimizin Hindistan, Çin və Orta Şərq hissələrində hakimlik nəzarəti nisbətən zəifdir. Bu ölkələr tam mə`nada idarəçiliyimiz altında deyil. Lakin bu ərazilərdə çevik və fəal siyasət tətbiq edirik; onların hamısı əlimizə keçmək üzrədir. Burada iki mühüm amil diqqət mərkəzindədir: İşğal etdiyimiz əraziləri əldə saxlamaq və əldə edə bilmədiyimiz yerləri işğal etmək.
Müstəmləkələrə Nəzarət Nazirliyi (MNN) bu iki vəzifəni yerinə yetirmək üzrə bu dövlətlərin hər biri üçün ayrıca komisiya təşkil etmişdir.
MNN-ə işə götürüldükdə, nazir e`timad göstərərək mənə Şərqi Hindistan şirkətində bir vəzifə verdi. Bu birlik zahirdə bir ticarət şirkəti idi. Lakin əsl vəzifəsi Hindistanın geniş və zəngin torpaqlarına hakim olmağın yolllarını araşdırmaq idi. Hindistanda fəaliyyət göstərmək üçün hökumətimizin heç bir çətinliyi yox idi. Çünki, Hindistan müxtəlif millətlərin, ayrı-ayrı din və ziddiyyətli əqidə ardıcıllarının yaşadığı bir ölkədir. Çindən də elə bir qorxumuz yoxdur. Çünki, Çinə hakim olan Buddizm və Konfuizm dinlərinin canlanması və cəmiyyətə əsaslı tə`sir göstərməsi mümkün deyildir. Bunlar həyatla uyğunlaşmayan, artıq öz dövranını keçirmiş iki qədim və ölü dinlərdir. Bu iki ölkə xalqlarında vətənə bağlılıq və sevgi hissləri də aradan getməkdə idi; onlar bizim İngiltərə hökumətinə rahatlıq vermirdi. Bu ölkələrə sahib olmaq üçün, biz hər bir vasitədən istifadə etmək məcburiyyətində idik; həmin ərazilərdə təfriqə, cəhalət, yoxsulluq, hətta yoluxucu xəstəlikləri yaymaq üçün ardıcıl planlar hazırlayırdıq. Onların adət-ən`ənələrini təqlid etməklə öz həqiqi niyyətimizi rahatca gizlədə bilirdik.
İslam ölkələri isə bizi həddən artıq narahat edir, planlarımızı alt-üst etməklə əleyhimizə çıxırdı. Xəstə qoca ilə (Osmanlı dövlətini nəzərdə tutur) bir neçə dəfə danışıq aparmışdıq. MNN-nin təcrübəli mütəxəssisləri bu xəstənin az bir zamanda can verəcəyini söyləyirdilər. Bu barədə İran hökuməti ilə də bir neçə dəfə gizli danışıqlar aparmışıq. Bu iki ölkədən massonluğa cəlb etdiyimiz ayrı-ayrı şəxsləri dövlət kürsülərində yerləşdirmişik. Rüşvətxorluq və idarəçilik qabiliyyətinin olmaması, öz dini elmlərindən xəbərsizlikləri, gözəl qadınlarla məşğul olub, vəzifələrini unutmaları bu ölkələrinin belini qırırdı. Lakin buna baxmayaraq, aşağıda saydığım səbəblər ucbatından gözlədiyimiz nəticələri əldə edə bilmədiyimizi e`tiraf edirəm:
Müsəlmanlar İslama son dərəcədə bağlıdırlar. Hər bir müsəlman keşiş və rahiblərin xristianlığa bağlılığı qədər, hətta onlardan da artıq dərəcədə İslam dininə bağlıdır. Məsələn, keşiş və rahiblərin haqqında belə deyirlər: «Keşiş və rahiblər öz canlarından əl çəkər, amma xristianlıqdan əl çəkməzlər».
Müsəlmanlar içərisində ən təhlükəli dəstə İrandakı şiələrdir. Onlar başqa dinlərin ardıcıllarını kafir və murdar hesab edirlər. Şiəlik nöqteyi-nəzərindən xristianlar iyrənc bir vəziyyətdədirlər. İnsan təbiəti də fitri olaraq murdarlıq və iyrəncliyi özündən uzaqlaşdırmağa çalışır. Bir dəfə söz açdığım mövzu ilə əlaqədar olaraq şiələrin birindən soruşdum:
Nəyə görə xristianlara kafir kimi baxırsınız? O, cavab verərək bildirdi ki, İslam peyğəmbəri çox dahi bir şəxsiyyət idi; o həzrət kafirlərə qarşı belə bir mə`nəvi təzyiq tətbiq edərək onların doğru yola yönəlməsinə və Allahın dini olan İslama gəlmələrinə nail olmaq istəmişdir. Hər bir dövlət real təhlükə ilə qarşılaşdıqda və ya onun milli mənafeyinə zidd bir insan görəndə, onu islah edənə qədər maddi asılılıqda saxlayır. Söhbət açdığım təzyiq vasitəsi maddi deyil, mənəvi xarakter daşıyaraq, təkcə xristianlara qarşı deyil, bütün kafirlərə şamil edilir. Hətta İranın qədim dini olan məcusiliyin ardıcılları da bizim nəzərimizdə pak deyillər.
Axı xristianlar da Allaha, peyğəmbərə və qiyamət gününə inanırlar? Bu halda nə üçün onları murdar hesab edirsiniz?
Onlar ilahi peyğəmbərlərə iftira yaxır, bu müqəddəs şəxslər haqda yaramaz sözlər söyləyirlər. Məsələn, onlar deyirlər ki, «İsa (ə) şərab içərdi, mə`lun olduğuna görə çarmıxa çəkildi» və s.
Mən dəhşət içində dedim:
Xristianlar belə deməzlər.
Sən heç nə bilmirsən, kitabi-müqəddəsdə belə yazılıbdır.
Mən susdum, mübahisəni uzatmaq istəmədim. Çünki, zahirdə özümü müsəlman kimi göstərdiyim halda bu mövqedən çıxış etməklə şübhə yarada bilərdim. Məhz bu səbəbə görə daim mübahisə və münaqişələrdən uzaq olurdum.
İslam dini bir zamanlar hakimiyyət və idarəçilik məsələsini bilavasitə öz üzərinə götürmüşdü. Müsəlmanlar da özlərini izzətli və şərəfli hesab edirlər. Bu insanlara «siz köləsiniz» demək çox çətindir. Artıq müsəlmanların parlaq keçmişi arxada qalmışdır. Bir zaman əldə etdikləri yüksəliş və məğrurluq da bə`zi şərtlərlə bəyənilmişdir. «O günlər artıq ötüb getmişdir və bir daha geri dönməz» sözlərini söyləmək də sadəlövhlük olardı.
Osmanlı imperiyasının və eləcə də iranlıların onlara qarşı etdiklərimizi duyaraq, planlarımızı alt-üst edəcəklərindən çox narahat idik. Bu iki dövlət təsəvvürolunmaz dərəcədə zəifləmişdi. Onların əvvəlki iqtidarı deyil, yalnız var-dövlət, silah və hakimiyyət sahibi olmaları bizim öz niyyətlərimizə əmin olmağa mane olurdu.
Hər bir şeydən daha artıq İslam alimlərindən qorxurduq. Çünki, İstambul, İraq, Şam və «əl-Əzhər» alimləri tədbirlərimiz qarşısında keçilməz bir sədd idilər. Onlar dünyanın keçici zövq və ziynətlərinə qarşı çıxan, Qur`ani-Kərimin və`d etdiyi cənnətə daxil olmağa özlərini hazırlayan qətiyyətli insanlardır. Xalq onlara itaət edir, hətta hakim və sultanlar da onlardan qorxurdular. Sünnilər şiələr qədər alimlərə bağlı deyillər. Şiələr kitab oxumur, sadəcə olaraq alimləri tanıyır və onlara hədsiz e`timad göstərirdilər. Hakim və sultanlara layiq olduğu hörməti göstərmirdilər. Sünnilər isə çox kitab oxuyur, alimlərlə bərabər sultanlara da ehtiram bəsləyirlər.
Bu vəziyyəti araşdırıb lazımi nəticələr çıxarmaq üçün bir neçə dəfə yığıncaq təşkil etmişdik. Amma hər dəfə qarşıya həllolunmaz problemlər çıxırdı. Casuslarımızdan aldığımız hesabatlardakı nəticələr də qənaətbəxş deyildi. Lakin yenə də ümidsizliyə qapılmırdıq. Çünki biz, qarşıya çıxan hər bir problem qarşısında səbr edib dərindən düşünməyə adət etməliyik.
Yığıncaqlarımızın birində nazirin özü, yüksək rütbəli keşişlər və MNN-nin bir neçə təcrübəli mütəxxəssisi iştirak edirdi. İclas iştirakçılarının sayı iyirmi nəfərdən artıq idi. Üç saat davam edən bu toplantıda heç bir nəticə əldə edə bilmədik. Keşişlərdən biri bizə mə`nəvi dəstək verərək belə dedi: «Narahat olmayın, xristianlıq üç yüz il zülmə mə`ruz qaldıqdan sonra yayıldı. Belə nəzərə çarpır ki, İsa Məsih qeyb aləmindən kömək göstərib, üç yüz il sonra olsa da, kafirləri (müsəlmanları) məhv etməyi bizə nəsib edər. Biz güclü iman və tükənməz səbirlə silahlanmalıyıq! Dünyaya hakim olmaq üçün bütün vasitələrdən istifadə etməliyik. Xristianlığı müsəlmanların arasında yaymalıyıq. Bu niyyətimizi bir əsr sonra belə həyata keçirə bilsək, çox yaxşıdır. Bilin ki, atalar övladlarının gələcək rifahları üçün çalışar».
Bir dəfə MNN-nin Fransa və Rusiyadan olan diplomat və din adamlarının birgə konfransı təşkil olundu. Nazir ilə münasibətim yaxşı olduğundan, mən də konfransda iştirak etdim. Bu tədbirdə müsəlmanları parçalayıb, İspaniya kimi onları da öz dinlərindən çıxararaq, imana gətirmək (xristianlaşdırmaq) məsələsi müzakirə olunurdu. Lakin əldə olunan nəticələr istənilən səviyyədə deyildi. Mən konfransdakı bütün danışıqları «İla məkət-ül Məsih» adlı kitabımda yazdım. Dərinliyə kök salmış böyük bir ağacı qurudub məhv etmək çox çətindir. Lakin biz bu çətinlikləri asanlaşdıraraq hədəflərimizə nail ola bilərik. Biz dünyaya xristianlığı yaymaq üçün gəlmişik. Bunu bizə İsa Məsih buyurmuşdur. Məhəmmədə Şərqdə və Qərbdə insanların vəziyyətinin ağır olması kömək olmuşdu. O, bu vəziyyətdən istifadə edərək, kütlələri İslama də`vət etmiş və qüdrətə yiyələnmişdi. Bu gün vəziyyətin tamamilə dəyişdiyini müşahidə edirik. Ölkəmizin və digər xristian hökumətlərinin sə`yləri nəticəsində müsəlmanlar geriləməyə başlamışlar; xristianlar isə getdikcə qüvvətlənirlər. Uzun əsrlər boyunca itirdiklərimizi əldə etmək zamanı gəlib çatmışdır. Hal-hazırda İslamı məhv etmək planına Böyük Britaniya dövləti liderlik edir.

Xahis edirem ki.Mister hemfernin kitabini qisa sekilde kondersinis
Mart 30, 2008 20:45