NƏHAYƏT Kİ...
KALİFORNİYADA NƏŞR OLUNAN “PASADENA STAR NEWS” QƏZETİ ABŞ-IN ERMƏNİSTANLA BAĞLI ÜMİDLƏRİNİN PUÇA ÇIXDIĞINI YAZIR

ABŞ-ın Kaliforniya ştatının Pasadena şəhərində çixan “Pasadena star news” qəzetinin 20 mart tarixli nömrəsində “Azərbaycana yardım” adlı məqalə dərc olunmuşdur. Məqaləni ixtisarla təqdim edirik.
Məqalədə Sovet İttifaqı dağıldıqdan sonra Birləşmiş Ştatların Ermənistana 1.77 milyard dollardan artıq yardım verdiyi diqqətə çatdırılır. Qeyd olunur ki, 1992-ci ildən bəri Ermənistan dünyada Birləşmiş Ştatlardan adam başına ən çox yardım alan ikinci ölkədir.
Yazıda vurğulanır ki, 1992-ci ildən 2006-cı ilədək Ermənistan demokratikləşmə prosesləri üçün Birləşmiş Ştatlardan ümumən 225 milyon dollar yardım almışdır. Bu rəqəmə 2008-ci il üçün demokratiklşməyə yardım məqsədilə planlaşdırılmış əlavə milyonlar daxil deyildir. Bəs Birləşmiş Ştatların Ermənistanla bağlı ümidləri özünü doğruldurmu?
Qəzet yazır: Ermənistandakı bütün seçkilərin, ən çoxu da fevralda keçirilən prezident seçkilərinin acınacaqlı nəticələri göstərir ki, Birləşmiş Ştatların bu yöndə səyləri puça çıxmışdır və bütün pullar əbəs yerə xərclənmişdir. Son prezident seçkiləri ilə əlaqədar baş vermiş iğtişaşlarda ən azı 8 adam öldürülmüş, 100-dən çoxu yaralanmışdır. Tanklar və ordu fövqəladə rejim şəraitində paytaxtın küçələrində qarovul çəkir, kütləvi informasiya vasitələrinin fəaliyyətinə senzura nəzarət edir və əsas müxalifətin lideri ev dustağıdır.
Məqalədə göstərilir ki, Ermənistan qonşu Azərbaycana hərbi təcavüz etmiş və onun ərazisinin 20 faizini işğal etmiş, 1 milyondan artıq adamı öz doğma yurdundan silah gücünə didərgin salmış, beləliklə, öz hərb maşınını saxlamaq üçün əhalisinin vəziyyətini həm mənəvi, həm də maddi cəhətdən çətinləşdirmişdir. Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin acı nəticələrindən əziyyət çəkən Azərbaycan isə Birləşmiş Ştatlardan indiyədək cəmi 746 milyon dollar (1992-2008-ci illərin hesablamalarına görə) yardım almişdir ki, bunun ancaq 75 milyon dolları demokratiklşmə üçün nəzərdə tutulmuşdur.
Məqalədə deyilir ki, ərazicə və əhalisinin sayına görə daha böyük və Birləşmiş Ştatların müttəfiqi olan Azərbaycan kiçik, lakin təcavüzkar Ermənistandan 4 dəfə az yardım almışdır.
Qəzet vurğulayır ki, Ermənistanda seçkilər zamanı acıq-aşkar qanun pozuntularına yol verilmişdir. Biz, qonşu dövlətin torpaqlarını işğal emiş, etnik təmizləmə siyasəti aparmış, insanlığa qarşı cinayətlər törətmiş (məsələn, Xocalı soyqırımı), seçkilər zamanı öz xalqının qanını tökmüş və qonşularına nisbətən qat-qat pis seçkilər keçirmiş, korrupsiyaya uğramış və hərbi rejimli bir ölkəni tərifləyə bilmərik. Artıq Koçaryandan və onun rejimindən soruşmaq vaxtı çatmışdır: verilmiş pullar hara xərclənmişdir? //QAYNAR//AzərTAc
