AVROPA HƏMAS-A SİYASİ MÜNASİBƏTİNİ AÇIQLADI
Hesab etmək olarmı ki, artıq Avropa ölkələri Amerikanın Yaxın Şərq siyasətini dəstəkləmir? Eyni zamanda HƏMAS-ı terrorçu bir təşkilat hesab etmirlər? "Mənəvi dünya" İctimai Birliyinin sədri Hacı Şahin Həsənli ilə söhbətimizdə də bu və digər məsələlərə toxunduq.
Ş.Həsənli artıq yarım əsrdən artıqdır ki, Fələstin xalqının İsrailin işğalında olan torpaqlarının azadlığı uğrunda mübarizə apardığını xatırlatdı. Və bildirdi ki, bu müddət ərzində xalqın iradəsini ortaya qoymaq, hədəfə çatmaq üçün müxtəlif təşkilatlar yaranıb: "HƏMAS da fələstinlilərin milli müqavimət hərəkatı olaraq meydana gəlib və xarici təcavüzə qarşı siyasi və silahlı mübarizə aparır. Əslində hədəfləri, məqsədləri aydın olan HƏMAS müəyyən intellektual potensiala malik siyasi bir təşkilatdır. Və parlamentə seçilmək vasitəsilə mübarizəsini daha çox siyasi metodlarla həyata keçirməyə çalışır. Təəssüf ki, dünyada sionist İsrail rejiminə, həmçinin ABŞ dairələrinə xidmət edən bir çox informasiya mənbələrində ağı qara, qaranı ağ kimi göstərmək ənənəsi mövcuddur. Uzun illərdir ki, həmin kütləvi informasiya vasitələri HƏMAS-ı və Livanın "Hizbullah" hərəkatını beynəlxalq aləmə terrorçu təşkilat kimi təqdim etməyə cəhd göstərir və bunu dünyaya qəbul etdirməyə çalışırlar. Lakin buna baxmayaraq, dünya ictimaiyyəti Fələstin xalqının öz ərazi bütövlüyü, azadlığı uğrunda mübarizə aparması ilə hesablaşmaya məcburdur".
"Avropa dövlətlərinin HƏMAS-la siyasi müstəvidə əlaqələr qurması etirafı doğrudan da ABŞ-ın və işğalçı İsrailin Yaxın Şərqdəki siyasətinin iflasıdır", - deyə Hacı Şahin son dövrlər bu kimi hadisələrin sevindirici olduğunu vurğuladı: "Uzun illər boyu böyük qanlar bahasına olsa da, bu xalqlar azadlıqlarını qoruya biliblər. Bu, o deməkdir ki, mövcud məsələlər nəinki fələstinlilərin, bütövlükdə müsəlmanların xeyrinə inkişaf etməkdədir. Əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə bütün dünya ölkələri həmin təşkilatları rəsmi qurum, siyasi hərəkat kimi qəbul edəcəklər".
Bu gün dünyada qüvvələr balansının dəyişməkdə olduğunu söyləyən müsahibimə görə, bunu ilk öncə İslam intibahı, İslami şüurun oyanması, müsəlman dövlətlərinin inkişaf etməsi dövrü kimi dəyərləndirmək gərəkdir: "İki il əvvəl Livanda 33 günlük müharibə zamanı "Hizbullah"ın müasir orduya malik İsrail ordusu üzərində faktiki qələbə çalması beynəlxalq aləmi Yaxın Şərq siyasətinə yeni bir nəzərlə baxmağı tələb edirdi. Avropa dövlətlərinin Yaxın Şərqlə bağlı mövqelərinə yenidən baxıb müəyyən korrektələr etməsi də bundan irəli gəlir. Düzdür, kimin haqlı, kimin haqsız olduğu həmişə göz qabağında olub. Sadəcə, görünür müəyyən reallıqlarla barışmaq zamanı gəlib çatıb. Əlbəttə, Avropa rəsmiləri praqmatik təhlillər əsasında reallıqları görür və indiyə qədər yürüdülən siyasətin perspektivsiz olduğunu dərk edirlər. Onların HƏMAS-la, o cümlədən bu kimi qurumlarla münasibətləri bərpa etməsi də həmin situasiyanın nəticəsidir".
Avropa ölkələrinin HƏMAS-la gizli yollarla əlaqə saxlaması məsələsinə aydınlıq gətirən Ş.Həsənli bunun təbii xarakter daşıdığını dilə gətirdi: "Müəyyən münasibətlər qurulana qədər məsələnin ictimailəşməsi mümkün deyil. Çünki uzun müddətdir ki, Fələstinlə Qərb dövlətləri arasında bir uçurum mövcuddur. Ancaq hadisələrin gedişatı göstərir ki, yaxın vaxtlarda münasibətlər açıq müstəviyə keçəcək və müsbət nəticələr əldə olunacaq. Fikrimcə, artıq Qərb də təbliğ etdiyi demokratik prinsiplərə sadiq qalıb HƏMAS-la bağlı münasibətini yumşaltmalıdır. Bir neçə il əvvəl Fələstində keçirilən parlament seçkilərində HƏMAS xalqın seçimilə parlamentdə çoxluğa sahib oldu. Xatırlayırsızsa, o zaman Amerika seçkilərin demokratikliyini təsdiq etsə də, HƏMAS-ın çoxluq qazanması ilə bağlı təəssüfünü ifadə etdi. Təşkilatın qələbəsilə barışmayan ABŞ və İsrail bir müddətdən sonra Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla danışıqlara gedərək, HƏMAS-ın hakimiyyətini məhdudlaşdırdılar."
İslamin Səsi İnternet qəzeti
